Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
İNFOAZ.WS xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.
Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur. Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Qeyd edək ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib. Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7.68%) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0.6 faiz bəndi və 0.2 faiz bəndi az olub. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.
Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək.