Keşlə qəsəbəsində yerləşən keçmiş European Tobacco Baku (indiki Baku International Tobacco ASC) şirkətinin səhmdarları olduğu iddia edilən vətəndaşlar uzun illərdir hüquqlarının pozulması ilə əlaqədar İNFOAZ.WS-ə müraciət ediblər:
“2000-ci ildən bəri hər il kiçik məbləğdə dividend almışıq, sonuncu dəfə isə 2023-cü ildə 11,70 qəpik dividend ödənilib. Bu ödənişlər rəsmi qaydada aparılmır — nə qəbz təqdim olunur, nə də bank hesabına köçürülür, sadəcə imza qarşılığında verilir.
Hazırda şirkətin direktoru Azər Süleymanlı və müavini Orxan Balakişiyev səhmlərimizi 7 min manata almaq istəyirlər. Biz isə 25 ilə yaxın dövr ərzində ödənilməmiş dividendlərimizin verilməsini tələb edirik. Rəhbərlik isə bildirir ki, “siz ETB-nin səhmdarısınız, bu isə BIT-dir”. Halbuki şirkətin adı dəyişsə də, istehsal, ünvan və qeydiyyat eynidir; səhmlərimiz Milli Depozit Mərkəzində həmin məlumatlarla qeydiyyatdan keçib.
Məsələ ilə bağlı Kommersiya, Apellyasiya və Ali Məhkəmələrdə işə baxılıb və bütün instansiyalar bizim xeyrimizə qərar çıxarıb. Lakin Ali Məhkəmənin yazılı qərarı hələlik təqdim edilməyib. Bundan əlavə, şirkət rəhbərliyi səhmdar yığıncaqlarına qatılmır, iclaslarda isə əlaqəsi olmayan “Anar” adlı vəkil iştirak edir.”
Baku International Tobacco MMC-dən İNFOAZ.WS-ə bildirib ki, son günlər bir qrup şəxs tərəfindən səsləndirilən məlumatlarda şirkətimizin guya “European Tobacco Baku” ASC ilə bağlılığı və həmin qurumun səhmdarlarının bizə qarşı müəyyən tələbləri olduğu qeyd edilmişdir.
Hüquqi status və fəaliyyət əsasları
Baku International Tobacco MMC 12 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyina uyğun olaraq dövlət qeydiyyatına alınmış, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Şirkətimizin hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Köndələn 1 küçəsidir.
Qeyd etmək istəyirik ki, “European Tobacco Baku” ASC tam fərqli hüquqi subyektdir və hazırda qeyd olunan ünvanda heç bir fəaliyyəti mövcud deyil.
Bununla yanaşı, mövcud çaşqınlığın əsas səbəblərindən biri kimi “European Tobacco Baku” ASC-nin hüquqi ünvanının hələ də Baku International Tobacco MMC-nin hazırkı fəaliyyət ünvanı – Bakı şəhəri, Nizami rayonu,Köndələn 1 kimi qeyd olunması göstərilə bilər.
Bu səbəbdən şirkətimiz tərəfindən həm “European Tobacco Baku” ASC rəhbərliyinə, həm də aidiyyəti dövlət orqanlarına ünvanın dəyişdirilməsi barədə rəsmi müraciətlər təqdim edilmişdir.
Bu addımın atılması məqsədi – ictimai və hüquqi qarışıqlıqların aradan qaldırılması və səhmdarların düzgün məlumatlandırılmasının təmin edilməsidir.
























