Şamaxı şəhərində “Şamaxı Xəzinəsi – Astek sirri” layihəsinin icrasına başlanılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar müsabiqəsi çərçivəsində həyata keçirilən, “SDG Youth Community” təşəbbüs qrupunun tərəfdaşlığı ilə icra olunan “Şamaxı Xəzinəsi – Astek sirri” layihəsinin icrası uğurlu davam edir.
Layihənin açılış mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayev, Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin direktoru İsgəndər Həsənov, “SDG Youth Community” təşəbbüs qrupunun yerli layihələr üzrə koordinatoru Nigar İsgəndərova, eləcə də məktəb direktorları və müəllimlər iştirak ediblər.
Layihə çərçivəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə, Şamaxı rayon M. Hadi adına 9 nömrəli tam orta məktəbdə, Şamaxı Avropa Liseyində və Şamaxı rayon A. Alxanov adına Sabir qəsəbə tam orta məktəbində məktəblilər üçün məlumatlandırma görüşləri keçirilib. Görüşlər zamanı şagirdlərə intellektual oyunların əhəmiyyəti barədə məlumat verilib, eyni zamanda “Kod Da Vinçi” formatlı oyunların qaydaları və məzmunu izah olunub.
Qeyd edək ki, “Şamaxı Xəzinəsi – Astek sirri” layihəsinin əsas məqsədi şagirdlərin təbiət fənlərinə yanaşmasını müasirləşdirmək, “Kod Da Vinçi” oyunu vasitəsilə onların maraq və iştirakçılığını artırmaq, əzbərçiliyə əsaslanan tədris yanaşmasından uzaqlaşdıraraq tədqiqat yönümlü və milli irsə həssas düşünən gənclərin formalaşdırılmasına töhfə verməkdir. Layihəyə 100-dən çox Şamaxı məktəblisinin cəlb olunması nəzərdə tutulur.

























