Zəfər yoluna çıxdığımız vaxtdan beş il keçir. Xalqımız həmin günü düz 30 il gözləməli oldu. 44 günlük müharibə Azərbaycanın hərb tarixində qızıl səhifədir. Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində zaman – zaman çağlayacaqdır. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarlarıalçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir.
Bu tarixi hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasınıngöstəricisidir. 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası BMT səviyyəsində qəbul olunmuş qətnamələrin sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, dəfələrlə atəşkəsi pozub. Nəhayət ki, cavabını da alıb. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik.
Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır.Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür.Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır.Dövlət öz əsgərin yanındadır.Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Biz cəlilabadlılar bütün Azərbaycan xalqını bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik, şəhid övladlara Allahdan rəhmət diləyirik, yaralı əsgərlərimizə şəfa arzulayırıq.
Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi
























