ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni ticarət tariflərinin bəzilərini 90 gün müddətinə dayandırmaq qərarına növbəti maliyyə böhranı qorxusu səbəbindən gəlib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev qlobal fond və əmtəə bazarlarının daha da çökməsindən və maliyyəçilər arasında çaxnaşmadan qorxur ki, bu da nəzarətdən çıxıb iqtisadiyyata ciddi ziyan vura bilər:
“ABŞ vitse-prezidenti Vens və maliyyə naziri Bessent təkid edib ki, Vaşinqtonun ticarət müharibəsi strategiyası dəqiq müəyyən edilməli və Çini təcrid etmək, ABŞ-ın ticarət kəsiri ilə mübarizədə qərarlı olduğu təəssüratı yaratmaq məqsədi daşımalıdır”.
Qeyd olunur ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları tətbiq edib. Aprelin 9-da isə Tramp danışıqlara hazır olduğunu nümayiş etdirən ölkələrə tarif artımını 90 gün müddətinə dayandıracağını açıqlayıb. Onlara 10% idxal rüsumları tətbiq olunacaq. Bessent dayandırmanın Kanada və Meksikaya aid olduğunu vurğulayıb. Lakin Tramp Çindən gələn məhsullara rüsumları 125%-ə qaldırıb.(axar.az)