İranda anomal istilərin yaratdığı fövqəladə vəziyyət səbəbindən avqustun 6-da (çərşənbə günü) paytaxt Tehran da daxil olmaqla ölkənin 31 vilayətindən 15-də dövlət qurumları və banklar müvəqqəti bağlanacaq.
İNFOAZ.WS bakuinfo-ya istinadən xəbər verir ki, Rəsmi açıqlamaya görə, ekstremal hava şəraiti su qıtlığını artırıb və enerji sisteminə rekord səviyyədə yük düşüb. Qərar yalnız dövlət sektoruna şamil olunur – özəl müəssisələr, bəzi bank filialları və tibb mərkəzləri fəaliyyətini davam etdirəcək.
İran iyul ayının ortalarından bəri davam edən anormal istilərin təsiri altındadır. Hazırda ölkənin cənubunda, xüsusilə Abadan şəhərində 3 avqust tarixində temperatur +50°C-dən yüksək qeydə alınıb. Belə fasilələrlə bağlı qərarlar daha əvvəl də – iyul 2024, 2025 və avqust 2023-cü illərdə qəbul olunmuşdu.
Elektrik çatışmazlığı böhrana çevrilib
Hazırda ölkədə saatda 62 min meqavat elektrik enerjisi istehsal olunur. Lakin pik saatlarda bu tələbat 80 min meqavata çatır. Nəticədə Tehranda və digər şəhərlərdə elektrik enerjisi gündəlik 2-4 saatlıq fasilələrlə verilir. Bu kəsintilər paytaxtda yerləşən dövlət enerji şirkəti Tavanir-in binası qarşısında etirazlara səbəb olub.
İstehsalat sektoru iflic olub
“Shargh” qəzetinin məlumatına görə, ölkənin bir çox müəssisəsində həftədə 4 gün elektrik enerjisi kəsilir. Bu da istehsalat səviyyəsini pandemiyanın təsir etdiyi 2020-ci ilin göstəricilərinə qədər endirib. Yerli media bu dövrü son onilliklərin ən ağır quraqlıq dövrü kimi xarakterizə edir.
Avropada da istilər rekord vurur
İstilik dalğası təkcə İranla məhdudlaşmır. İyun ayında Qərbi Avropada da rekord temperatur qeydə alınıb. İspaniyanın Portuqaliya ilə sərhədində yerləşən El-Qranado şəhərində +46°C, Fransanın Lanqedok bölgəsində isə meşə yanğınları baş verib. Parisdə hava +35°C-i keçib, Almaniya və Britaniyada isə davamlı olaraq +30°C-dən yuxarı olub.
Rəsmi məlumatlara əsasən, 2025-ci ilin iyun ayı Qərbi Avropada tarixdəki ən isti iyun kimi qeydə alınıb. Yalnız bu istilər səbəbilə Avropanın 12 şəhərində 2 300-dən çox insan həyatını itirib. Ən çox ölüm halları Milan, Paris və Barselonada baş verib.