“2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım”.
İNFOAZ.WS axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Günə bax” verilişində deyib. O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:
“Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anana nə deyim? Söylədi ki, “sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o qadın öləcək”. Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi. Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm”.
Xoşqədəm bəzi axtarışlardan sonra psixoloqa müraciət etdiyi vurğulayıb:
“Həmin hadisə ilə bağlı psixolaqa da getdim. Son dönəmlər çox pis olmuşdum. O da dedi ki, “sən əslində yaxşı etmisən. O qadına bunu desən, həmin xəbərdən öləcəkdi. Bəlkə də bir ümidlə gedib ki, oğlu sağdır, onu sevir”. Çox az sayda belə talelər olub ki, çəkilişlərdən sonra psixoloqlardan kömək almışam. Həqiqətən bir neçə insan olub ki, tapmışıq, bizə deyiblər ki, özümüz itmişik. Hətta biri məni məhkəmə ilə hədələdi. Dedi ki, yerimi deməyin, yoxsa sizi məhkəməyə verəcəyəm, məni tapmamısınız. O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq. Anası rahat olsun deyə, belə etdik. O talelərə baxanda şükür edirəm. Həyat qısadır, bir-biriniz sevin. Qısqanclıq, paxıllıqdan uzaq olun”.