Uşaqlar evinə tərk edilən uşaqlarda hansı psixoloji problemlər yaranır?
Dövlətimiz hər baxımdan kimsəsiz uşaqlara yardım edirmi?
Mövzu ilə bağlı Sərvər Abdullayev İNFOAZ.WS -ə həssas kateqoriyadan olan digər vətəndaşlarımız kimi valideyn himayəsindən məhrum olmuş uşaqların da hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
“Hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrinə qəbul edilən uşaqlarla bağlı sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun tədbirlər görülür”.
Sərvər Abdullayevin sözlərinə görə aparılan ilkin qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir uşaq üçün fərdi inkişaf planı tərtib olunur və onlar sosial reabilitasiyaya cəlb olunur:
“Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərə cəlb olunurlar. Valideyn himayəsindən məhrum olmuş uşaqlarda yaranan psixoloji problemlərin, tərkedilmə, sevilməmə qorxusunun aradan qaldırılması məqsədilə mütəxəssislər tərəfindən davamlı iş aparılır. Onların özlərini cəmiyyətdən təcrid etmələrinə səbəb yaradan hallar aradan qaldırılır. Həmçinin uşaqlarda rast gəlinən posttravmatik stress pozuntusu, təhsildən yayınmağa çalışma və davranış pozuntuları kimi halların reabilitasiyası aparılır”.
Sərvər Abdullayev müəssisələrdə fəaliyyət göstərən psixoloqlar tərəfindən ehtiyac yarandıqda fərdi psixoloji dəstək həyata keçirildiyini , uşaqların hadisələrə münasibətin dəyişdirilməsini, davranış terapiyası kimi proqramlara cəlb olunduğunu vurğulayıb.
Fatimə Məmmədova