Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənr saxlanılıblar.
Bu barədə İNFOAZ.WS -ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün Tiktok sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və 24 yaşlı Ə.Abbasova saxlanılıblar.
Araşdırma aparılır.
“Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar”- məlumatda qeyd edilir.