“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov uzun illərdir cəmiyyətin diqqət mərkəzindədir. O, tikinti sektorundakı fəaliyyəti, inşa etdiyi binalar və bəzi sosial təşəbbüsləri ilə tanınır. Lakin onun barəsində formalaşan ictimai rəy birmənalı deyil.
İNFOAZ.WS yenisabah.az-a istinadən xəbər verir ki, bəzi insanlar onu sadə, kasıblara kömək edən bir şəxs kimi təqdim edirlər. Sosial mediada və müxtəlif mənbələrdə onun haqqında “Allah can sağlığı versin, o qədər evsiz insana ev verib ki…” kimi ifadələrə rast gəlinir. Bundan başqa onu müdafiə edənlər bildirirlər ki, “Şərurlu İsfəndiyar” heç vaxt yalan danışmır və biznesdə uğur qazanmasını savadına deyil, ətrafında ağıllı insanların olmasına borcludur.
Lakin bu yanaşma tənqidlərdən də kənarda qalmır. Bəzi vətəndaşlar onun tikinti fəaliyyəti ilə bağlı problemləri gündəmə gətirir, mənzillərin keyfiyyəti, tikinti işlərində şəffaflıq və qiymət siyasəti ilə bağlı suallar ortaya atırlar. Üstəlik, “evsiz insanlara kömək edib” ifadəsi də müəyyən şübhələr doğurur. Çünki real olaraq bu cür sosial təşəbbüslərin hansı qaydada və kimlərə edildiyi barədə açıq mənbələrdə dəqiq məlumat yoxdur.
“Şərurlu İsfəndiyar” barədə yaranan bu iki fərqli mövqe onun imicini tam aydınlaşdırmağa imkan vermir. Görünən odur ki, bəzi insanlar onu müsbət obraz kimi görür, digərləri isə tənqid edərək onun fəaliyyətində şübhəli məqamların olduğunu iddia edirlər.
Bu səbəbdən də, hər hansı iş adamı barədə rəy formalaşdırmazdan əvvəl onun real fəaliyyəti, sosial təsiri və iş prinsipləri ilə bağlı daha dərin təhlillər aparmaq vacibdir. Şərurlu İsfəndiyar doğrudanmı xeyriyyəçi və uğurlu biznesmen, yoxsa sadəcə öz imicini qorumağa çalışan biri? Bu suala cavab tapmaq üçün daha obyektiv yanaşma tələb olunur.
Tanınmış simaların Şərurlu İsfəndiyar haqda fikirlərini təqdim edirik:
Tarix Əliyev (Tolik): Heç bir şəxsi əlaqəm və tanışlığım olmasa da, bir məsələ barədə fikirlərimi bildirmək istəyirəm. Burada bəzi insanlar hələ də bu şəxsin biznesmen olduğunu, yəni binalar inşa etdiyini və ya biznes sahəsində fəaliyyət göstərdiyini anlamırlar. Şəxsin heç bir dövlət məmuru və ya vəzifəsi yoxdur və o, sadəcə biznes sahəsində müvəffəqiyyət qazanmış biridir.
Bu şəxs demək istəyir ki, onun vaxtında maddi imkanı var idi, yazı-pozu bilmirdi, amma ətrafına ağıllı insanları yığaraq işlərini idarə etdirmiş və bu gün ölkənin tanınmış iş adamlarından birinə çevrilmişdir.
Bəzi insanlar diplom və təhsil məsələlərini ön plana çıxarır, amma unutmamalıyıq ki, çox sayda müğənninin və ya xalq artistinin diplomu olmasa da, onların istedadı və sənətləri ilə tanındıqları və sevildikləri bir həqiqətdir. Əsas olan istedaddır.
Bu şəxs demək istəyir ki, onun müvəffəqiyyəti yalnız maddi imkanlardan asılı olub və o, ətrafına ağıllı insanları toplayaraq işlərini idarə edib. Ancaq diqqət etməliyik ki, ruzi və bolluq Allahdan gəlir və hər kəsin öz çabası ilə qazandığı nailiyyətlər qiymətləndirilməlidir.
Paxıl olmayın, Allah ruzini sizə yox, ona verib.
Nazilə Səfərli: İsfəndiyar kişini şəxsən tanıdığıma görə demək istəyirəm ki, ondan çox müsahibə götürün. O, yalan danışmır.
Xuraman Şuşalı: Allah can sağlığı versin, o qədər evsiz insana ev verib ki…