image-tbrz
ƏRDOĞAN ORDU TÜRKİYƏbackend

Rusiyanın bu açıqlamasından sonra, Türkiyə ordusu Naxçıvana gəldi

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” kompüter dəstəkli komanda-qərargah və “Mustafa Kamal Atatürk-2025” döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə  başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

“Ümid” körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.

Təlimin planına əsasən, tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.

Qeyd edək ki, Ukrayna ilə vaxt uzatmağa yönələn və kapitulyasiya tələbindən başqa heç bir mahiyyət daşımayan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Putinin köməkçisi Vladimir Medinski ötən gün işğal olunmuş Ukrayna ərazilərini Qarabağla eyniləşdirib: “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın işğal etdiyi Ukrayna əraziləri-red.) “böyük Qarabağa” çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək…”

Medinski əlavə edib ki, Moskva heç kim tərəfindən tanınmayan “böyük Qarabağ” yaradılmasını istəmir: “Buna görə də, biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik”.

Yəni, Medinski həm də demək istəyir ki, ermənilər zamanında səhv edib. Onlar Qarabağ erməni işğalında olarkən bu qondarma qurumun və işğal olunmuş ərazilərimizin “tanınmasına” nail olmalı idi. İndi isə işğalçı Rusiya Ermənistanın bu “səhvini” təkrarlamaq istəmir. Ən əsası isə Putinin köməkçisi Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki