Suriyada vəziyyətin gərginləşməsi və silahlı qruplaşmaların hücumları bölgədə maraqları toqquşan Rusiya və Türkiyə arasında münaqişəyə səbəb ola bilər.
Mövzu ilə bağlı Konfliktoloq Elman Vəliyev İNFOAZ.WS-ə açıqlamasında Suriyanın əsas konflikt ocaqlarından birinə ev sahibliyi etdiyini bildirib. Onun sözlərinə görə, ölkədə o qədər silahlı qruplar, o qədər maraq qrupları var ki, kim kimdir, kim nəyə xidmət edir, bilmək çətindir.
“Rusiyanın, İranın, Türkiyənin, İsrailin, Amerikanın, Britaniyanın xüsusi maraqları vardır. İsrail Hizbullahla atəşkəs bağladıqdan 2-3 gün sonra Əsəd rejiminə qarşı ayaqlanmalar başladı. Lakin Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir.”
Elman Vəliyev Rusiyanın Əsədin devrilməsini asanlıqla icazə vermədiyini qeyd edib.
“Türkiyə və Azad Suriya Ordusu əminəm ki, HTŞ-yə dəstək göstərir. İsrail və Amerika müxalif qüvvələrin əli ilə planı icra etməyə çalışacaqlar. Güclü bir dəstəklə Əsədin qələmini qırmaq olar.”
“Bildiyimiz kimi, 2020-ci ildə Vladimir Putin Tayyib Ərdoğana HTŞ-nin İdlibdən çıxarılmasını həvalə etmişdi. Təbii ki, Ərdoğan gözləmə mövqeyini seçdi.”
“Hazırkı fon Rusiya-Türkiyə əlaqələrini çürüdəcək. Çünki bu dəqiqə ikisi də bir-birinə lazımdır. Mənim tanıdığım Rusiya Aralıq dənizindən çıxmaq istəməz. Aralıq dənizinin tək dayağı Suriya və oradakı Tartus limanındakı hərbi bazasıdır. Müəyyən bir hissəsinə Türkiyənin dəstəklədiyi qüvvələr, digər hissəsinə isə Əsədin qüvvəsi nəzarət edəcək. Parçalandı da deyə bilərik.”
Qeyd edək ki, Elman Vəliyev orada olan bir çox silahlı qüvvələrə Suriyanın strateji mövqeyinin önəmli olduğu üçün Amerika və İsrailin şərait yaratdığını da xüsusi olaraq bildirib.
Fatimə Məmmədova
İNFOAZ.WS