image-tbrz
image-36backend

Rəfael Piriyev istintaqa çağırılıb

Rəfael Piriyev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

İNFOAZ.WS-in xəbərinə görə, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Piriyev Rəfael Fizuli oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirib göndərilib.

Təqsirləndirilən şəxs 12.04.1986-cı il təvəllüdlü Piriyev Rəfael Fizuli oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 02 may 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Rəfail Piriyev nədə ittiham olunur?

Rəfail Piriyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Rəfael Piriyev barəsində axtarış və həbs qərarı

Rəfael Piriyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Rəfael Piriyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Daha kimlər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb?

Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, İmaməddin Əlimanov və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki