Azərbaycanda qadınların pensiya yaşının azaldılması məsələsi zaman-zaman ictimaiyyətdə müzakirə mövzusu olur.
Bəs, qadınların pensiya yaşı azaldıla bilərmi?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı İNFOAZ.WS-ə bildirib ki, Azərbaycanda pensiya yaşı digər ölkələrdən daha yüksəkdir:
“Hal-hazırda, orta ömür müddəti azaldığı halda, pensiya yaşı əksinə, xeyli artırılıb. Xüsusilə qadınlarla bağlı götürsək, ətraf ölkələrdə və Avropada pensiya yaşı 58-62 arasında dəyişir. Bizdə isə bu rəqəm çox yüksəkdir və mütləq şəkildə aşağı salınmalıdır. Ümumilikdə, Azərbaycanda pensiya yaşı 5 il azaldılmalıdır. Təbii ki, bunu etməyəcəklər. Optimal olaraq, iki illik azalma gözlənilə bilər. Əhalinin ömür müddəti azaldıqca pensiya yaşı artır. Nəticədə, pensiya ala bilənlərin sayı azalır. Faktiki olaraq, vəziyyət kişilər üçün daha pisdir.”
Sosioloqun sözlərinə görə, kişilərin 40%-dən çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir:
“Bu o deməkdir ki, kişilərin yarıya yaxını pensiya ala bilmir. Onlar illərlə çalışaraq pensiya fonduna vəsait ödəyirlər, lakin bu pulu geri ala bilmirlər. Bizdə digər ölkələrdən fərqli olaraq, vəfat edən şəxsin ailəsinə də pensiya verilmir. Belə bir sistem seçilməlidir ki, hər bir vətəndaş pensiya ala bilsin.”
Elçin Bayramlı qeyd edib ki, əhalinin yarıdan çoxu pensiya ala bilmir:
“Bu mövcud pensiya sistemi sayıla bilməz. Mütləq şəkildə məntiqli, ədalətli və düzgün yanaşma tətbiq edilməlidir. Pensiya yaşı ən azı 5 il azaldılmalıdır.”
Sosioloq, həmçinin sovet dövründəki pensiya sisteminin bərpa olunmasını arzuladığını bildirib.
Fatimə Məmmədova