Son aylar Ermənistanla Rusiya arasında münasibətlərdə istiləşmə müşahidə olunsa da, Moskva Paşinyan hakimiyyətinə inanmır.
İNFOAZ.WS xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremlə yaxın olan erməni oliqarx və milyarder Ara Abramyan deyib.
Onun sözlərinə görə, geosiyasi dəyişikliklər fonunda, xüsusən də ABŞ-da keçirilən seçkidən sonra Rusiya-Ermənistan ikitərəfli dialoqunda müəyyən irəliləyiş əldə olunub:
“Bunu xüsusilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri sübut edir”.
Lakin Abrahamyan iddia edir ki, Ermənistan rəhbərliyinin hərəkətlərində ardıcıllıq yoxdur:
“Sadəcə bəyanatlar verilir, amma parlament AB-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edir. Nə baş verdiyi bəlli deyil. Hər şey qeyri-sabitdir. Paşinyana etibar yoxdur”.
Abramyanın sözlərinə görə, o, tez-tez Rusiya tərəfi ilə ünsiyyət qurur və bu söhbətlərdə vurğulayır ki, Ermənistandakı mövcud hakimiyyət müvəqqəti bir fenomendir.