”KTMT heç kimə heç nəyi məcbur etmir”.
İNFOAZ.WS Mkru-ya istinadla xəbər verir ki, Rusiya XİN Ermənistanın KTMT-dən çıxmaq qərarına reaksiya verib.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq qərarı suveren qərardır, lakin respublika üçün təşkilatın qapıları bağlanmayıb. Bu barədə 5 dekabr tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əslində belə bir sənəd daxil olmayıb. Biz bu müzakirələri eşidirik. Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb və müzakirələr aparıb”, – deyə Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra bildirib.
Lavrov həmçinin vurğulayıb ki, “KTMT heç kimə heç nəyi məcbur etmir”, lakin əgər İrəvan təşkilatdan çıxmaq qərarı verərsə, bu, “hazırkı Ermənistan rəhbərliyinin suveren hüququ olacaq”.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, respublika KTMT çərçivəsində qəbul edilən sənədlərlə maraqlanmır. O əlavə edib ki, İrəvanla təşkilat arasındakı münasibətlər “geri dönüş nöqtəsini keçib”.
Fatimə Məmmədova