ABŞ Milli Qvardiyası nümayişlər və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün Los-Ancelesə yerləşdirilməyib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Los-Anceles meri Karen Bass X səhifəsində yazıb.
O, ABŞ Prezidenti Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın yeridilməsi ilə bağlı açıqlamasını təkzib edib:
“Milli Qvardiya Los Ancelesdə yerləşdirilməyib”.
Mer Los-Ancelesdə asayişin qorunmasına görə, Kaliforniya şəhəri və ştatın hüquq-mühafizə orqanlarına, eləcə də onun qubernatoru Gevin Nyusoma təşəkkür edib.
Qeyd edək ki, cümə günü Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. Şənbə günü axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının addımlarına cavab olaraq şəhərdə nümayişlər başlayıb.
Etirazçılar hüquq-mühafizə orqanlarının işinə mane olmağa çalışıb, yolu bağlayıb, İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına daş və müxtəlif predmetlər atıblar.
Bu sırada Prezident Donald Tramp Los-Ancelesdə iğtişaşlarla mübarizə apardığına görə Milli Qvardiyaya təşəkkür edib.