İnsan öz gələcəyini öz hərəkətləri ilə formalaşdırır. Karma insanları əməllərinə görə məsuliyyət daşımağa və pisliklərdən uzaq olmağa təşviq edir.
Bəs cəmiyyətdə hər kəs karmaya inanırmı? Karma həqiqətən varmı?
Mövzu ilə bağlı astroloq Nərmin Zeynalova “İNFOAZ.WS“-a verdiyi açıqlamada astrologiyanın baxış bucağından karmanın mövcud olduğunu və ruhumuzun bu dünyaya bir neçə dəfə gəldiyini bildirib.
“Həyatda hansısa bir insan pislik edirsə, deyirik ki, karmasından qorxsun, çünki sabah başına gələ bilər. Astrologiyada isə bu fərqlidir. Hər bir insan əvvəlki həyatında müəyyən bir təcrübə toplayır və indiki həyatda o təcrübənin nəticələrini yaşayır. Bununla da yeni təcrübələr qazanaraq özü ilə gələcək həyatlara aparır.”
Onun sözlərinə görə, insanın həyatda əldə etdikləri bir qədər də karmadan asılıdır:
“Karma təxminən 36-37 yaşlarında qapımızı döyür. Bizə indiyə qədər keçmiş həyatlardan qalmış təcrübələrimizi nə qədər doğrultduğumuzu, nə etdiyimizi və nə etmədiyimizi soruşur. Çox insanlar hiss edirlər ki, bu yaşlarda həyatlarında böhran yaşayırlar. Astroloji baxımdan bu böhran karma böhranıdır.”
Astroloq insanların karmaya görə yaşamasının yanlış olmadığını da vurğulayıb:
“İnsan öz karmasına uyğun yaşamırsa, öz təcrübəsini şəfalandırıb tamamlamırsa, yeni təcrübələrə başlaya bilmir və belə də davam edir.”
Nərmin Zeynalova həmçinin kart analizi edən insanların çoxsaylı üstünlüklər qazandığını da qeyd edib.
Fatimə Məmmədova