Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident İlham Əliyevə ölkəsinə dəstəyinə görə təşəkkür edib.
İNFOAZ.WS xəbər verir ki, parlamentin jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında həqiqi dostluq əlaqələri olduğunu və digərlərindən də bu cür dost münasibəti gözlədiyini qeyd edib.
“Hər şeydən əvvəl mən Prezident Əliyevə təşəkkür etmək istərdim. Bizim belə dostluq münasibətlərimiz var və biz eynilə bu cür dostluğu digərlərindən də gözləyirik və bunu təqdir edirik. Birinci dəfə deyil ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məhz buna əsaslanır ki, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını təşviq etmək üçün bir-birimizə hörmət edir və bir-birimizin yanındayıq” – deyə Papuaşvili bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Aİ-nin Gürcüstanın daxili məsələlərinə müdaxilə cəhdlərinin müstəmləkəçi yanaşmanın təzahürü olduğunu və qəbuledilməz olduğunu vurğulayıb.
“Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”, – Prezident İlham Əliyev deyib.