image-tbrz
image-23backend

FHN hava şəraiti ilə əlaqədar müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

İNFOAZ.WS xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların ayrı-ayrı yerlərdə insensivləşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

İldırımla bağlı təhlükələrdən qorunmaq

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki