Ermənistan müdafiə nazirinin Azərbaycanla sərhəddə etdiyi çıxış zamanı “cəbhə” sözündən istifadə etməsi müharibə riski ilə bağlı narahatlıqlara səbəb olub.
Bəs, bu bəyanat bölgədə hərbi eskalasiyaya işarə edirmi?
Mövzu ilə bağlı, hərbi ekspert Səxavət Məmməd “İNFOAZ.WS“-ə bildirib ki, biz Ermənistan ilə Azərbaycan arasında gərginliyin olmasını təkcə Ermənistan müdafiə nazirinin işlətdiyi bir sözdən yox, ümumiyyətlə hadisələrin gedişatından görürük:
“Əslində, gərginliyin olması açıq-aydın ortadadır. Ermənistan tərəfi Hindistandan, Fransadan hətta iddialar var ki, Yunanıstandan silahlar alır. Və bu silahlanma təbii ki, regionda eskalasiya vəziyyətinə gətirib çıxara bilər”.
Ekspert, həmçinin Ermənistan tərəfindən verilən açıqlamaların, verilən bəyanatların bir-birini təzkib etdiyini də xatırladıb:
“Ümumiyyətlə bu məsələlər haqqında danışarkən, hadisələrə qlobal yanaşmalıyıq. Rusiya-Ukraniya müharibəsinin şiddətli mərhələdə olduğu, Yaxın Şərqdə müharibələrin olması və İran-İsrail arasında gərginliyin yaşandığı dövrdə düşünmürəm ki, Cənubi Qafqazda hər şey yolunda getsin və ya bölgədə güllük-gülüstanlıq olsun”.
Bundan əlavə, ekspert hazırda vəziyyətin siyasi gərginlik halında olduğunu, müharibə etməyin hər iki tərəf üçün də asan olmayacağını deyib.
Xəlilova Fidan
İNFOAZ.WS