image-tbrz
image-26backend

DNT nümunəsi verməmiş itkinlərin yaxınlarına çağırış

Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan, yəni onların yaxın qohumlarından bioloji nümunələr toplanıb sistemləşdirilib.

İNFOAZ.WS xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar.

“Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır.

Ancaq qeyd etmək istəyirəm ki, bu sahədə çətinliklərimiz də var. Prosesə 2014-cü ildən başlanılmasına baxmayaraq, hələ də itkin ailələrinin bir qismi yumşaq ifadə etsək, bioloji nümunə verməkdən yayınır. Məsələ ilə bağlı dəfələrlə inzibati qaydada və mətbuat vasitəsilə vətəndaşlara müraciət edilib. Mən fürsətdən istifadə edərək DNT nümunəsi verməmiş vətəndaşlarımıza bir daha müraciət etməyi zəruri hesab edirəm: Hörmətli itkin ailələri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasında çox vacib amil olduğu üçün Sizlərdən bir daha Dövlət Komissiyasına yaxınlaşaraq DNT nümunələr verməyinizi xahiş edirik.

Xüsusilə qeyd etmək lazımdır ki, toplanmış bioloji nümunələrinin DNT profilləri Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzində arxivləşdirilir. İtkin ailələrindən DNT nümunələrinin götürülməsi və insan qalıqlarının eyniləşdirilməsi ilə bağlı molekulyar-genetik ekspertiza da DTX-nin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzində həyata keçirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki