Qarşıdan qış fəsli gəlir. Havanın əvvəlki illərə nisbətən daha soyuq keçəcəyi və qar yağacağı gözlənilir.
Bəs Bakı metropoliteni qış mövsümünə tam hazırdırmı?
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov İNFOAZ.WS -ə Bakı metropolitenində hazırlıqların bir qayda olaraq yaydan başlandığını bildirib:
“Bakı Metropoliteni” QSC-nin sədrinin əmri ilə xüsusi komissiya yaradılır. Komissiyaya Bakı metropoliteninin ən yüksək vəzifələrindən biri hesab olunan istismar üzrə baş mühəndis rəhbərlik edir. Müxtəlif işçi qruplar yay dövrü ərzində Bakı metropoliteninin sərnişinlərə xidmət sektoruna daxil olan sahələr, o cümlədən stansiyalar, açıq hava şəraitində yerləşən obyektlər, elektrik depoları və tikinti obyektləri üzrə yoxlamalar aparır. Bununla da ümumi planlar, nöqsanlar və çatışmazlıqlar müəyyən edilir, hər biri aradan qaldırılır. Eyni zamanda qış dövrü üçün tədbirlər planı hazırlanır.”
Bəxtiyar Məmmədov Bakı metropolitenində üçüncü vacib istiqamətin işçilərin əmək şəraitinin qış mövsümünün tələblərinə uyğunlaşdırılması olduğunu vurğulayıb:
“Stansiyalar üzrə bütün tədbirlər yekunlaşdırılıb. Duz və qum ehtiyatları saxlanılıb. Çünki stansiyaların girişlərində və Bakı metropoliteninin texniki zonasına aid olan sahələrdə, xüsusən də pilləkənlərdə buz yaranma ehtimalı var. Qarın həmin sahələrə dolma ehtimalı olduğundan əmək alətləri və əməyin mühafizəsi ilə bağlı bütün tədbirlər görülüb.”
Metropolitenin mətbuat katibi açıq sahələrdə yerləşən ərazilərin və elektrik depolarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu, metropolitenin həssas nöqtələrindən biridir. Buna səbəb qatarların xəttə verilməsi, səhər saatlarında və ya gecə saatlarında depodan çıxarılması, gün ərzində isə normativlərə uyğun olaraq qatarların depoya verilib çıxarılmasıdır. Bu proseslər müxtəlif yollar və kəsişmələr vasitəsilə həyata keçirilir.
“Həmin sahələrin qarla dolması və buz tutması yolverilməzdir. Bu səbəbdən Bakı metropoliteninin elektrik depolarında yerləşən ötürücü qurğular, təmizlik üçün lazımlı alətlər və işçilərin əmək şəraiti ilə bağlı bütün məsələlər araşdırılıb.”
Son olaraq, Bəxtiyar Məmmədov qeyd edib ki, güclü qar yağarsa, köməkçi qüvvələr cəlb ediləcək. Bununla bağlı təlimat keçirilib.
Fatimə Məmmədova