Azərbaycanlı 2-ci kurs tələbəsi Musayev Orxan, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Purdue Universitetinin İnvestisiya Akademiyasına (Investment Banking Academy at Purdue) qəbul olunub. 430-dan çox namizəddən cəmi 17 nəfər seçim mərhələsini keçə bilib. Bu isə ümumi göstəricinin 4%-dən azını təşkil edir. Həmin 17 nəfərdən yalnız 3-ü beynəlxalq tələbədir və onlardan biri də Orxan Musayevdir – bu isə onu TOP 0.6%-ə daxil edir.
İNFOAZ.WS xəbər verir ki, müsahibə mərhələlərindən birini keçmək üçün Orxan cəmi 3 gün ərzində maliyyə üzrə 400 irəliləmiş konsepsiyanı öyrənməli olub.
Orxan eyni zamanda Purdue Universitetinin iki fakültəsində təhsil alır və iqtisadiyyat və maliyyə sahəsində ən yaxşı tələbələrdən biri sayılır. Onun GPA (orta akademik göstəricisi) maksimum səviyyədədir – 4.00/4.00.
Bu akademiyada ən istedadlı 17 tələbə investisiya bankçılığı sahəsində istiqamətləndiriləcək. Yaxın zamanda onları iki peşəkar səfər gözləyir – oktyabrda Çikaqoya, noyabrda isə Nyu-Yorka. Həmin səfərlər zamanı onlar dünyanın ən nüfuzlu investisiya bankları ilə birbaşa görüşlər keçirəcəklər.
Bundan əlavə, Orxan startaplar və yeni yaranan şirkətlərin təhlili üzrə olduqca rəqabətli bir kluba qoşulub. O, startapların məlumat analitiki vəzifəsinə seçilib və bu startap layihələrini milyonlarla dollar dəyərində olan vençur şirkətlərinə təqdim edəcək.