Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu və ailə razılığı
Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.
Qaraciyər transplantasiyası: gənc pasiyentə yeni həyat
Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
Gözün buynuz qişası: iki resipiyentin görmə şansı
“Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir. Bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır”, – nazirlikdən bildirilib.(apa)