Özünü həkim kimi təqdim edən hər kəs bu məsuliyyəti doğrultmalıdır.
İNFOAZ.WS xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının İcraçı katibi Əvəz Rüstəmov ixtisasca həkim olmayanların efir və saytlara açıqlama verərkən özlərini həkim kimi təqdim etmələri haqda danışarkən deyib.
O bildirib ki, bu kimi halların yaranmasına səbəb olan amillər araşdırılmalıdır:
“Media hər bir məsələyə həssas yanaşmalıdır. Jurnalist ictimai maraqların müdafiəçisidirsə, bilməlidir ki, ictimai maraqlar içərisində insanların sağlamlığı ön planda dayanır. Əgər jurnalistin həkim kimi təqdim etdiyi şəxs məsuliyyətsiz davranır və insanlara ziyan vurursa, bu, jurnalistin də məsuliyyətsizliyindən xəbər verir. Hesab edirəm ki, vicdanlı jurnalistin təqdim etdiyi şəxsi və mövzunu yoxlamaq imkanı genişdir. Ona görə də jurnalistlər dəqiqləşdirilməmiş şəxsi və ya hadisəni təqdim etməməlidirlər”.
Məsələyə münasibət bildirən hüquqşünas Yalçın Hacızadə isə qeyd edib ki, bu hallar yalnız səhiyyədə deyil, digər sahələrində də müşahidə olunur:
“Bəzən müxtəlif şəxslərin dələduzluq və başqalarının vəzifəsini mənimsəmə kimi cinayətlərə yol verdiklərini görürük. Onlar özlərini dövlət işçisi, məmur və ya hansısa yüksək vəzifəli şəxsin yaxını kimi təqdim edərək insanları aldadırlar. Bu tip cinayətlər adətən maddi ziyanla nəticələnir. Lakin tibbi ixtisası olmayan şəxslərin insanların sağlamlığına müdaxilə etməsi təkcə maddi deyil, həm də ciddi sağlamlıq və həyat riski yaradır”.
Hüquqşünas qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, tibb ixtisasları üzrə ali təhsil alan şəxslər yalnız rezidentura təhsili keçdikdən sonra həkim-mütəxəssis hesab edilirlər:
“Bu təhsil müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər davam edir. Psixiatriya üzrə 2 il, terapiya üzrə 4 il, plastik cərrahiyə üzrə isə 5 il rezidentura təhsili almaq tələb olunur”.
Onun sözlərinə görə, hüquqi baxımdan hazırda tibbi təhsili olmadan özünü həkim kimi təqdim edən şəxslərin fəaliyyəti ilə bağlı konkret bir cəza mexanizmi yoxdur.
Qeyd edək ki, bir müddət öncə jurnalist Qənirə Ataşova özlərini həkim-fizioterapevt kimi təqdim edən şəxsləri ifşa edib. Bundan sonra Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli açıqlama verərək bildirib ki, yalnız 6 il tibb təhsili alan və 4 il rezidentura keçən şəxslər həkim-fizioterapevt hesab edilə bilər. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim yox, fizioterapist-reabilitoloqdurlar və onlar heç bir xəstəni müalicə edə bilməzlər.