image-tbrz
image-61f83e5ae4d2d61f83e5ae4d2e164365884261f83e5ae4d2961f83e5ae4d2bbackend

“Ankara” liseyindəki 37 şagirdin taleyi necə OLACAQ? – ŞİKAYƏT

Bakıda fəaliyyət göstərən “Ankara məktəbi” məktəb-liseyin “2ç” sinfində sinif rəhbəri məsələsi ətrafında yaranmış narahatlıq valideynlərin etirazına səbəb olub.

İNFOAZ.WS xəbər verir ki, valideynlər Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək, hazırda sinfə rəhbərlik edən müəllimin daimi əsasla vəzifədə saxlanılmasını tələb edirlər.

Valideynlərin sözlərinə görə, əvvəlki sinif rəhbəri Hörmət Mürşüdova şəxsi səbəblərlə Kanadaya getdiyindən iyunun 14-də işdən çıxarılıb. Onun yerinə təyin olunan müəllimə isə, iddialara görə, həm savadsızlığı, həm də şagirdlərlə düzgün münasibət qura bilməməsi səbəbilə ciddi narazılığa səbəb olub. Etirazlar nəticəsində həmin müəllim işdən azad edilib və məktəbdə 10 ildən artıq təcrübəyə sahib bir müəllimə müvəqqəti olaraq sinif rəhbəri gətirilib.

Valideynlər bildirirlər ki, bu dəyişiklikdən sonra şagirdlərin psixoloji və tədris vəziyyətində əhəmiyyətli irəliləyiş müşahidə olunub. Lakin müvəqqəti müqavilənin müddəti başa çatdığı üçün həmin müəllimin yenidən dəyişdirilməsi məsələsi gündəmdədir. Bu isə valideynlər arasında ciddi narahatlıq yaradıb.

“Uşaqlar əvvəllər dərsə getməkdən imtina edirdilər. İndi isə sinifdə sabitlik və keyfiyyət var. 37 valideyn olaraq, biz hazırkı müəllimin 4-cü sinfin sonuna qədər bu sinifə dərs deməsini istəyirik”, – deyə valideynlər qeyd edirlər.

Onlar dəfələrlə məktəb rəhbərliyi və müvafiq dövlət qurumlarına müraciət etsələr də, məsələyə biganə yanaşıldığını iddia edirlər. Valideynlər məktəb direktoru Səmayə Eynullayevaya bu barədə ərizə və şifahi məlumat versələr də, direktor bu məsələni digər səlahiyyətli şəxslərin üzərinə atıb. Səmayə Eynullayevaya onların müraciətlərinə cavab verilmədiyini və qərarların Baş Təhsil İdarəsindən Abbasova Gülnar vasitəsilə qəbul edildiyini bildirib.

Valideynlər Təhsil Nazirliyinə səslənərək uşaqların psixoloji vəziyyətini və təhsillərini nəzərə alaraq hazırkı müəllimin vəzifəyə daimi olaraq təyin edilməsinə göstəriş verilməsini xahiş edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki