Azərbaycan Dillər Universitetində (ADU) yeni tədris ilinin başlanması münasibətilə 1-ci kurs tələbələri üçün xüsusi “Welcome Party” təşkil olunub.
Bakuinfo.net xəbər verir ki, tədbir ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynovanın başçılığı və universitetin Hörmətli Rektoru, Akademik Kamal Abdullanın göstərişi ilə keçirilib.
Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Vətən uğrunda canını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbir boyunca yeni tələbələr universitetin kollektivi və tədris imkanları ilə yaxından tanış olublar. Tələbələr arasında keçirilən maarifləndirmə və musiqili proqram isə səmimi ab-hava yaradaraq onların universitet həyatına daha asan uyğunlaşmasına kömək edib. Çıxış edən Zəhra Hüseynova tələbələrin həm dərs, həm də sosial fəaliyyətlərdə aktiv iştirak etmələrinin önəmini vurğulayıb, onların hər birinə uğurlar diləyib.
Yeni tədris ilinə motivasiya dolu başlayan tələbələr universitetin yüksək səviyyəli tədris mühiti və ictimai fəaliyyətlərlə zəngin həyatı ilə daha yaxından tanış olublar.
Tədbirin sonunda tələbələr öz arzularını və gözləntilərini bölüşərək universitetə olan həyəcan və sevinc hisslərini ifadə ediblər. Bu cür tədbirlərin gələcəkdə də ənənəvi olaraq davam edəcəyi və tələbələrin bir-birini daha yaxşı tanımasına, həmçinin universitetə olan bağlılığının güclənməsinə xidmət edəcəyi vurğulanıb.
























