Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi...backend

Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi…

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Məhkəmədə elan edilən ittihamda bildirilib ki, Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir.

Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib.

Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixracın dayandırıldığı iddia olunmuşdu.

BP-Azərbaycan sonradan bu xəbəri təkzib edərək bildirmişdi ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb, həmin çənlərdəki neft yenidən təmizlənib və ixrac davam etdirilib.

Lakin Rumıniya mətbuatı həmin vaxt ölkənin hüquq-mühafizə orqanlarına istinadla Azərbaycan neftinə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.

Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.

İndi Adnan Əhmədzadənin həbsi ilə bağlı səslənən ittihamlar bu hadisənin arxasında məhz onun və Rusiya əlaqələrinin dayana biləcəyi ehtimalını gücləndirir.

Yayılan məlumatlardan ortaya çıxan nəticə budur ki, Adnan Əhmədzadənin əməlləri ölkənin iqtisadi təhlükəsizliyinə qarşı təxribat kimi qiymətləndirilir. Bu isə vətənə xəyanət ittihamının gündəmə gəlməsinə səbəb olub.

Musavat.com-un ilk yayımladığı təfərrüatlarda qeyd edilirdi ki, Əhmədzadə Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə ixrac olunan Azərbaycan neftinə zərərli qarışıqların qatılması prosesində iştirak edib. Əgər bu məlumatlar rəsmi təsdiqini tapsa, onun barəsində “iqtisadi cinayətkar” deyil, həm də xain kimi hökm çıxarılması mümkündür.

DTX-nın açıqlamalarında da bu detalın xüsusi vurğulanması diqqətdən yayınmır.

Beləliklə, SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadənin neft qalmaqalı, Rusiya izi və vətənə xəyanət ehtimalları ilə bağlı istintaq davam edir. Növbəti günlərdə daha çox detalın açıqlanacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki