“Adnan Əhmədzadənin media imperiyası mütləq araşdırılmalıdır”.
İNFOAZ.WS xəbər verir ki, 7news.az xəbər saytının rəhbəri və media eksperti Sabuhi Mübarizoğlu Abbasov Adnan Əhmədzadənin həbsi ilə bağlı geniş açıqlama yayıb.
O bildirib ki, Adnanın ən təhlükəli fəaliyyəti məhz media sahəsində olub:
“Adnan müxtəlif media qurumları formalaşdırdı, televiziya kanallarını, saytları və sosial media səhifələrini şəxsi maraqlarına xidmət etdirdi. Son 5 ildə ciddi təxribatlar törətdi, bəzi qurum və şəxsləri iflic vəziyyətinə saldı. Bu komandanın təxribatları hətta ən yüksək pillələrə qədər çatırdı. Ölkədə olan televiziya kanallarının demək olar ki, yarısı Adnanın və komandasının şəxsi maraqlarına xidmət edir və bu məqam mütləq araşdırılmalıdır”.
Abbasov qeyd edib ki, Adnan Əhmədzadə dövlət içində dövlət qurmaq iddiasına düşmüşdü:
“O, media və ictimai rəy üzərindən güclənmək, insanları özündən asılı vəziyyətə salmaq istəyirdi. Müstəqil görünən, amma əslində onun cibindən qidalanan onlarla sayt və səhifə vardı. Bu media resursları vasitəsilə kiminsə təbliğatı aparılır, kimlərsə isə gözdən salınırdı”.
Media eksperti hesab edir ki, məsələ yalnız Adnanın həbsi ilə bitməməlidir:
“Adnanın media şəbəkəsində iştirak edən bütün şəxslər istintaqa cəlb edilməlidir. Əgər bu əlaqələr tam araşdırılmasa, onlar başqa adlarla yenidən fəaliyyət göstərməyə cəhd edəcəklər. Dövlətin vaxtında atdığı addım milli maraqlar baxımından alqışlanmalıdır”.