İnsanlarda maraq doğuran mövzulardan biri də miras mövzusudur. Ölən şəxsin mirası kimə qalır?
Mövzu ilə bağlı vəkil, hüquqşünas Tural Həsənli İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçə bilər.
“Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə tərtib etməyib və ya vəsiyyətnamə yararsız hesab edilir. Fiziki şəxs öz əmlakını həm vərəsələr sırasından, həm də kənar şəxslər arasından bir neçə şəxsə qoya bilər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü anda sağ olan şəxslər, eləcə də miras qoyanın ölümündən sonra doğulan uşaqları ola bilər”.
Hüquqşünasın sözlərinə görə, nikahdankənar uşaq yalnız o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilsin.
“Vəsiyyət edən şəxs vərəsələri vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər. Həmçinin, bunu əsaslandırmaq məcburiyyətində də deyildir”.
Tural Həsənli qanun üzrə vərəsəliyin hansı hallarda pay hüquqlu vərəsələrə şamil edildiyini də qeyd edib:
“İlk növbədə, miras ölən şəxsin uşaqlarına, ölümündən sonra doğulan uşağa, valideynlərinə və həyat yoldaşına keçir. Övladlığa götürülənlər də həmin şəxslərin övladlarına bərabər tutulur. Nəvələr, nəticələr və digər nəslin nümayəndələri yalnız o halda qanun üzrə vərəsə hesab edilirlər ki, mirasın açıldığı vaxtda miras qoyanın valideynləri sağ olmasın. Onlar vərəsəlik zamanı ölən valideynlərinə çatası payı bərabər şəkildə alırlar”.
Həmçinin, hüquqşünas qeyd edib ki, miras qoyanın bacı və qardaşlarının uşaqları, eləcə də onların nəslindən olan digər şəxslər yalnız miras qoyanın valideynləri sağ olmadıqda vərəsə hesab edilirlər.