Hazırda cəmiyyətimizdə işsizlik problemi ilə qarşılaşırıq.
Bu problemin aradan qaldırılması və ya azalması üçün yaxın zamanlarda dövlət hansı addımları atacaq?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, işsizlik həddindən artıq böyük problemə çevrilib. Universiteti bitirən gənclərin işlə təmin olunmasında, müəyyən yaşdan sonra işə qəbulda, işə götürənlərin təcrübəsiz gəncləri götürməməsində böyük problem var. Həmçinin, 45-55 yaşlı insanların işlə təmin olunmasında problem yaranır.
“Məsələn, 50 yaşlı şəxsi işə qəbul etmirlər. Lakin hələ pensiya yaşına çox qalıb”.
Onun sözlərinə görə, bölgələrdə işlə bağlı narahatlıq da çoxdur.
“Gənc nəslin işlə təminatı zəif olduğuna görə, paytaxta və ölkə xaricinə axın güclənir. Demək olar ki, bölgələrdə gənc nəsil qalmayıb. Bölgə camaatı yaşlanır və onları əvəz edəcək gənc yoxdur. Yeni nəslin nümayəndələri ya paytaxtdadır, ya da xaricdədir. Bütün bunlar işsizlik məsələsinə görədir”.
Sosioloq bölgələrdə yeni iş yerlərinin təmin olunmasının şərt və mütləq olduğunu qeyd edib:
“Fabrik və zavodların fəaliyyəti şərtdir. Çünki işsiz hazırda yüzlərlə, minlərlədir”.
“Ümid edirik ki, yaxın gələcəkdə bu məsələlərlə bağlı ciddi tədbirlər görüləcək. İşsizliyin aradan qaldırılması üçün dövlət daha çox səy göstərəcək. Bu gün məşğulluq proqramına cəlb edilmə də işsizlik problemini aradan qaldıran mexanizmlərdən biridir. Bu proqram da müəyyən vəsait daxilində həyata keçirilir. Kütləviləşməsi bu baxımdan yaxşı olardı ki, daha çox gəncin öz gələcəyini qurma imkanı olardı”.
Lalə Mehrali qeyd edib ki, işsizlik probleminin aradan qaldırılması bu proqramla mümkündür.
Fatimə Məmmədova